Tədbir Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Elmi Təcrübi və Tədris mərkəzi və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə baş tutub.
Simpoziumda transplantasiyadan sonrakı dövrdə pasiyentlərin tibbi nəzarəti, koordinasiya və hüquqi çərçivə əsas müzakirə mövzuları olub.
Simpoziumun açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova da çıxış edərək transplantasiya prosesində koordinasiyanın rolunu xüsusi vurğulayıb. “Donorun müəyyənləşdirilməsindən başlayaraq pasiyentin reanimasiya və stasionar mərhələdə izlənməsinə qədər bütün proses vahid mexanizm kimi işləməlidir. Koordinasiya nə qədər düzgün qurularsa, transplantasiyanın nəticələri də bir o qədər uğurlu olar” deyə qeyd edib.
Ardınca Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquq şöbəsinin müdiri Hüseyn Camalov hüquqi və etik aspektlərə diqqət çəkib.
“Orqan donorluğu yalnız tibbi məsələ deyil, eyni zamanda hüquqi və etik çərçivəyə söykənən bir sahədir. Qanunvericiliyin düzgün tətbiqi və cəmiyyətin maarifləndirilməsi donorluğa inamı artırır və bu sistemin davamlılığını təmin edir” deyə vurğulayıb.
Tədbirin davamında digər mütəxəssislər tərəfindən transplantasiyadan sonrakı cərrahi nəzarət, immunosupressiv müalicə, infeksion risklərin idarə olunması və pasiyentlərin uzunmüddətli stasionar təqibi ilə bağlı fikirlər də səsləndirilib. Çıxışlarda ümumi olaraq deyilib ki, transplantasiya sonrası uğurlu nəticə yalnız peşəkar tibbi yanaşma və sistemli nəzarət sayəsində mümkündür.